“Sağlamlıq düzgün qidalanmaqdan asılıdır”

 

Gülümxan Bəydəmir: “Bunu yaxşıca ağıla yerləşdirmək lazımdır ki, qidalanma qaydaları düz olmadıqca heç bir xəstəlikdən xilas olmaq mümkün deyil”

 

Müsahibimiz Gülümxan Bəydəmir əslində ixtisasca rəssam-xəttatdır. Şamaxıda dünyaya gələn G.Bəydəmir həyatda keçirdiyi böyük narahatlıqlarından ötrü və tibbin çarəsiz qalmasıyla alternativ tibb araşdırmaları ilə də məşğul olur. Bu araşdırmalar əsnasında əvvəl amerikalı Dr. Pol Breqqin orucla müalicə üsulunu öyrənib, daha sonralar yenə amerikalı həkim olan Herbert Şeltonun orucla müalicə üsulunu öyrənmək şansı tapıb. Beləcə, bu üsul ilə özünün 25 illik xəstəliklərinə qalib gəlib, oruc müalicəsini “alternativsiz tibb” olaraq qəbul edib. Bunun digər insanlara faydalı olacağını düşünərək Rusiyada aldığı tibb təhsilindən sonra daha geniş arealda müalicələrə başlayıb. 1995-ci ildən Türkiyədə yaşayan həmyerlimizin uzun təcrübə və araşdırmaları ilə bağlı 5 kitabı işıq üzü görüb. Onun “Şəfa orucu bıçaqsız əməliyyatdır” adlı 4 və 5- ci kitabı Bakıda çap olunub. G.Bəydəmirlə əlaqə saxlayıb tibbi təcrübələri ilə bağlı fikirlərini öyrəndik.

-“Oruc” sözündə böyük mənalar var və insan həyatında həm psixoloji, həm də hissi təsirlər buraxır. Müalicə məqsədilə tutulan şəfa orucu zamanı müəyyən günlər və ya həftələr yemək yemədən yaşanmalıdır. Nəzərinizə çatdırım ki, bu, bir müalicə üsuludur və dini orucla bunu müqayisə etmək olmaz. Bu, bədən sistemini toksin və xəstəliklərdən təmizləmək üçün tutulan bir şəfa orucudur və ya yalnız su içilərək edilən mükəmməl bir sağlam yaşam üsuludur.

Oruc müalicəsinin əslində heç bir qüvvəti yoxdur, şəfa orucu əslində heç bir şey etmədən bütün xəstəlikləri yox edə bilən ecazkar bir üsuldur. Digər adı ilə desək, “ACLIQ” bədən içindəki enerjinin lazımlı yerlərə xərclənməsini təmin edir və yaxşılaşmağa meydan verir. Orqanizmin içində fövqəladə bir güc var. “Şəfa orucu" bu gücü istifadə edərək insanları xəstəliklərin pəncəsindən çox məharətlə qurtara bilir. Uzun müddət qida qəbul etmədikdə insan bədəni havadan və Günəş şüalarından incə enerji almağa başlayır. Bu enerji qidalardan aldığımız enerjidən daha təmiz və mükəmməldir. Həyat enerjisi deyilən o möhtəşəm enerjinin 80 faizini Rəbbimiz bizlərə havadan və Günəşdən pulsuz verir. Amma biz çox yediyimizə görə bədənimiz Günəşdən gələn enerjini qəbul edə bilmir. Bu qabiliyyət uzun oruc zamanı ortaya çıxır. Bu xüsusiyyət eyni zamanda çox az yeyən insanlara xasdır.

- Mümkünsə, orucla müalicənin tarixçəsi və bu yola başlama səbəbi haqqında danışardınız.

- 1877-ci ildə həkim Edvard Dyun ABŞ-da ilk dəfə “orucla” müalicə etməyə başlayıb. O, bu müvəffəqiyyətilə dünyaya isbat edib ki, “oruc” müalicəsilə bütün xəstəlikləri müalicə etmək mümkündür. Bu sehrli müalicə Dyuna elə təsir edib ki, bu hadisədən sonra bütün ağır xəstələrə müalicə boyunca qida verməyi qadağan edib. Onun nəzarəti altında ağır oynaq revmatizmindən illərdən bəri yatağa məhkum olmuş qadın oruc müalicəsiylə asanca müalicə olunub.

Dyun müəyyən etmişdi ki, insan gün içində yemək yesə də, yeməsə də enerji itirməkdədir və itirdiyi bu enerjini tək yatdığı zaman təkrar geri qazanır. Yəni, qidalardan alınan enerji yuxuyla qazanılan enerjinin yerini doldura bilməz. İnsan yuxudaykən beyin öz-özünü qidalandırır. Əslində orucun tarixçəsi daha qədimlərdən gəlir və E. Dyundan sonrada dünyanın hər yerində oruc xəstaxanaları açılıb. Bu barədə kitabda geniş bilgi verilib. O ki qaldı bu yola baş vurmamın səbəbi, qısaca onu deyə bilərəm ki, nə az nə çox 25 yaşıma qədər demək olar ki, həyatım xəstəliklərlə boğuşmaqla keçib, rəssamlıqda oxuduğum zaman bir qızın mənə dediyi alçaldıcı sözə qədər bu davam etdi: “Sən xəstəsən, mən xəstəyə baxa bilmərəm”. Halbuki biz əvvəllər evlənmək istəyirdik. O hadisədən sonra özümü qurtarmağın yollarını araşdırdım və bəlli olduğu kimi gec də olsa, o yolu tapdım.

- Bu metodla müalicə olunan xəstəliklər hansılardır?

- İllərlə normal tibb üsulu ilə təcrübələr əldə etmiş həkimlər oruc müalicəsini sınamaq üçün bir araya gəliblər. Bunun üçün uzun illər müxtəlif tibbi üsullar ilə müalicə etmələrinə baxmayaraq, yaxşılaşa bilməyən xəstələri orucla müalicə ediblər və inanılmaz nəticə ilə qarşılaşıblar. Halbuki bu xəstəliklərdən normal qəbul edilmiş üsullarla insan nadir hallarda yaxşılaşa bilər. Bir çox xəstəlikdə qısa davamlı oruc müalicələrinin nəticələri müşahidə edilib; xroniki egzama, mədə və onikibarmaq bağırsaq xoraları, asma, revmatizm, yoğun bağırsağın iltihabı, amöblü dizenteriya, endokarditis, sinuzit (burun tutulması), bronxit, sinir iltihabı, böyrək xəstəliyi, sədəf xəstəliyi, həzmlə əlaqədar problemlərin bütün növləri, xroniki appendisit, pelleqra, qlokom, fibroma, epithelioma, miqren, acidosis, bütün ürək problemləri və digər xəstəliklər. Daha bir çox xəstəlik də bu siyahıya əlavə oluna bilər. İnsanlar bilməlidir ki, oruc hər dərdə çarə bir dərman deyil. Hər kəsə xüsusi sağlam həyat tərzini təşkil etməkdə bir başlanğıcdır. Əgər adam oruc müalicəsindən sonra da qeyri-normal qidalanmaya davam etsə, bütün narahatlıqları təkrar geri dönəcək. Çünki sağlamlığı pulla satın ala bilməz və başqa heç bir müalicə üsulu ilə geri qazandıra bilməz. Sağlamlığınız yediklərinizə və içdiklərinizə bağlıdır.

-Bu gün dünyada artmaqda olan xəstəliklərdən biri də şəkər xəstəliyidir. Bəs bu metodla şəkər xəstəliyini müalicə etmək mümkündürmü?

- Dünyada orucla müalicə edən mütəxəssislər bildirirlər ki, şəkər xəstələri, ağır halda olsa belə, nəzarət altında bir neçə dəfə 11-25 günlük oruc müalicəsindən sonra yaxşılaşmaqdadırlar. Ancaq uzun müddət insulin qəbul edildikdə mədəaltı vəzi sıradan çıxmış kəslərin yaxşılaşması qeyri-mümkündür.

Yaponiya, ABŞ, Rusiya, Hindistan, Almaniyada şəkər xəstələri orucla müalicə olunur və o həkimlərin izah etdiklərinə görə, belə xəstələr özlərini yaxşı hiss edirlər. Müalicənin 4-5-ci günlərindən sonra sidik yolu ilə atılan şəkər tamamilə dayanır. Oruc şəkəri çox asanlıqla müalicə edə bilir. Lakin orucla təmizləndikdən sonra insanlar qidalanmasına diqqət yetirmək məcburiyyətindədir. Bunu yaxşıca ağıla yerləşdirmək lazımdır ki, qidalanma qaydaları düz olmadıqca heç bir xəstəlikdən xilas olmaq mümkün deyil. Bütün xəstəliklərdə olduğu kimi, şəkər xəstəliyində də balanslı qidalanma əsasdır. Çünki yeyilən qidalara görə şəkər azalır və ya artır.

-Bəs dərmanlar necə olsun? Sözlərinizdən belə başa düşmək olur ki, siz dərmanlara “yox” deyirsiniz?

- Xəstəliklərdən dərmanlarla xilas olmaq qeyri-mümkündür. Bir çox dərman sinir sistemini bir cür iflic edir. Əgər sinir sisteminin gücü azalmışsa, qəbul edilən qidalar həzm oluna bilməz, yəni bu qidaların həzmini təmin edəcək fermentlər dayandırılacaq və toksinləşmənin (xəstələnmənin) infrastrukturunu hazırlamış olacaq. Çox qidalar toxumalarda yağa çevriləcək və bağırsaqlara gedərək artan bir sürətlə çürüyərək bütün orqanlara təsir edəcək, sonda onları xəstə edəcək. Əvvəlcə baş ağrısı, qızdırma, qrip, farengit kimi narahatlıqlar başlayacaq.

Əgər bədənimizin toksinlərə (zəhərlərə) qarşı olan bu reaksiyalarını, toksinlərdən daha təhlükəli dərmanlarla susdurmağa davam etsək, bəyənək, ya da bəyənməyək, qorxunc xəstəliklərə, yəni “böyük mükafatlara” tutulmağımız qaçılmaz olacaq. Yüksək xolesterin, təzyiq, şəkər, ürək xəstəlikləri, hətta xərçəng və sair. Dünyada bədəni toksin və şlaklardan təmizləyəcək heç bir dərman ixtira etdirilməyib. Halbuki toksinlərdən təmizlənməklə bir çox xəstəliklərdən xilas olmağımız mümkündür.

-Sizə başqa ölkələrdən də müalicə olunmaq üçün müraciət edənlər varmı?

- Mənim bu baxımdan 37 illik bir təcrübəm var. 2006-cı ildə türk dünyasında ilk dəfə şəfa orucu ilə əlaqədar təcrübə və araşdırmalarıma əsaslanan əhatəli bir kitabım çap olundu. Kitabı təqdir edənlər də oldu, etməyənlər də. Kitab nəşr olunandan sonra çox keçmədi ki, 20 xarici ölkədən məni axtararaq kitab istəyənlər və şəfa orucunu tətbiq edənlər oldu. Beləcə, Türkiyədən dünyaya tanındıq. Hazırda xarici ölkələrdən xəstələrə baxıram. Hələ “Sağalmadım” deyən yoxdur. Ankaradan bir müəlliməni “Hepatit C” xəstəsi olduğuna görə məktəbdən çıxarmışdılar. Onu müalicəyə götürdük. Başqa xəstəliyindən ötrü sağalmaz deyə “Hepatit C” olduğunu mənə deməmişdi. Oruc müalicəsindən sonra analiz verib, bir də baxıblar ki, bu xəstəlikdən əsər-əlamət qalmayıb. İndi Almaniyada məktəbdə müəllimə işləyir.

-Müalicə zamanı xəstənin ayrıca həkim nəzarətinə ehtiyac varmı?

- Oruc müalicəsi qətiliklə bir oruc mütəxəssisinin nəzarəti altında aparılmalıdır. Ayrıca oruc tutan kimsəni davamlı narahat edən faktorlar var ki, bunlar gündəlik nəbz döyüntüləri, müxtəlif təhlillər, qan təzyiqi və bədən istiliyinə nəzarət etmək və bunun kimi bir çox müşahidələrdir. Oruclu kimsə rahat və şən bir mühitdə olmalı, narahatlıqverici təlqinlərdən uzaq dayanmalıdır. Onsuz da onun ağlında bu çox dəyişik müalicədən qaynaqlanan bəzi düşüncələri var. Məni dünyanın hər yerindən arayanlar olur. Nə Azərbaycan da, nə də Türkiyədə belə bir klinika olmadığından məcbur hər kəsi öz evində olduğu halda müalicə edirik. Öncə şəfa orucu haqqında geniş məlumat veririk, yəni reseptimiz məlumatdır. Sonra internet və telefonla davamlı əlaqə saxlayaraq sona qədər nəzarət edirik. O şəxsin hazır olduğunu öyrənmədən qətiyyən oruc müalicəsinə başlamaq olmaz.

-Oruc ikən insanın çəkisi nə qədər itir?

- İlk günlərdə həddindən artıq çəki itkisi olur (gündə 1-1,5 kq). Gündəlik çəki itkisi 100-200 qram və daha az miqdara qədər azalır. Xüsusilə yağ anbarları itir. Əlbəttə ki, əvvəlcə orqan və toxumaların ziyanlı bölgələri itir.

Çox uzun davamlı oruclarda başlanğıcda normal çəkinin 40-45 faizi itə bilər. Bu vəziyyətdə geri dönüşü olmayan patoloji dəyişikliklər meydana gəlir.

Bədən ağırlığının 20-25 faiz itkisi tamamilə zərərsiz qəbul edilməkdədir. Yəni bu həddə çatmaq üçün 50-60 gün oruc tutmaq lazımdır.

- Bu müalicə zamanı insan hansı narahatlıqlar keçirə bilər?

- Oruc müalicəsinə girildəndə və oruc tutan kimsə, çay, qəhvə, soda, meyvə suları və bütün yeməkləri, ədviyyatlar və qatqı maddələri, ağrıkəsicilər, hər gün qəbul etməyə alışdığı aspirin və digər bütün dərmanları buraxanda, baş ağrısı, baş gicəllənməsi, halsızlıq, titrəmə, qarında, kürəkdə və oynaqlarda ağrı keçirə bilər, mədəsi bulana bilər, hətta qusar. Bunlar qətiyyən orucun əks-təsirləri deyil. Xəstəliklərlə mübarizədə olan bədənin sağalma yolunda görünən işarələrdir. Bunlar o şəxsin həyatı boyunca vücudunda toplanmış toksinlərdən bədənin öz müdafiə gücü vasitəsi ilə təmzilənməyə başladığını göstərir. Xəstəlik bədənin vacib orqanlarına toksinli maddələrin yığılmasıdır. Ağrı-acılar isə bədənin dilidir, bizdən yardım istəyir. Təkrar edirəm ki, bu vəziyyət qətiyyən orucun zərərli təsirləri deyil, gündəlik bir vərdiş halına gəlmiş bədəndə yığılanların vücuddan atılma reaksiyalarıdır. Və oruc davam etsə, bunlardan tamamilə xilas olmaq mümkündür.

Bəzi günlər tullantılar qana qarışdığına görə, insan özünü çox narahat hiss edir, yuxuları qaçır, şübhə və qorxulu hisslərə qapılır, hətta kabuslar belə görə bilər. Bunların səbəbi beyində gəzən zəhərlərdir. O zaman insan sanki Allahın “əməliyyat stolunda” olur. Bu mənada sağlamlıq üçün oruc bıçaqsız əməliyyatdır. Heç bir bıçaq altına yatmadan, insana əməliyyatların ən möhtəşəmi tətbiq olunur!

 

Fuad HÜSEYNZADƏ

 

Palitra.-2013.-1 iyun.-S.10.